Avropa birjaları ən təhlükəli həddə - NİTSA TERRORUNA GÖRƏ
Nitsadakı terror aktlarından sonra Avropa Birjaları dəyər itirməyə başlayıb.
Fransanın Nitsa şəhərində baş verən və 100-dən çox insanın ölümü ilə nəticələnən terror aktı dünya birjalarını silkələyib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, əsas fond indeksləri qırmızı, yəni ən təhlükəli həddə enib.
Ən çox azalma turizm, hava nəqliyyatı və mehmanxana şəbəkələrinin səhmlərində müşahidə olunub.
Səhmləri "Euronext Paris" birjasında dövriyyədə olan 40-dan çox fransız şirkətinin əsas indeksi sayılan CAC40 indeksi iyunun 15-dən 0,75 faiz aşağı düşüb.
Birjalarda ticarət gününün əvvəlində digər indekslər də dəyərdən düşüb. Belə ki, DAX indeksi 0,5, IBEX 0,63, AEX 0,48, FTSE100 indeksi isə 0,41 faiz ucuzlaşıb.
Turizm sahəsində ixtisaslaşan şirkətlər, eləcə də mehmanxana şəbəkələri və aviadaşıyıcıların səhmlərindəki azalma əsasən Fransanın Nitsa şəhərində törədilən və çoxsaylı insan itkisinə səbəb olan terror hadisəsi ilə izah olunur. Belə ki, ilkin açıqlamalara görə, ölkənin nəhəng turizm və aviasiya şirkətlərinin qiymətli kağızlarında orta hesabla 15 faizlik ucuzlaşma qeydə alınıb.