Məleykə Abbaszadə: "Dövlət İmtahan Mərkəzini dövlət maliyyələşdirməyəcək"
Azərbaycanda bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət ediləcək.
APA TV-nin xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, müraciətdə komissiya tərəfindən aparılan araşdırmaların nəticəsi və bu məsələ ilə bağlı təkliflər təqdim olunacaq.
Onun sözlərinə görə, hazırda TQDK-nın işçiləri dövlət qulluqçularının aldığı maaşı alırlar. Bu ilin sonuna qədər TQDK-nı dövlət maliyyələşdirəcək. Lakin gələn il yanvarın 1-dən DİM-in fəaliyyəti ilə bağlı maliyyələşmə olmayacaq. "Bizə sadəcə, 1 milyon pul veriləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq” - deyə M.Abbaszadə bildirib: "TQDK-ya dövlət icra orqanı olduğu üçün büdcədən ildə 7 milyon manatadək maliyyə ayrılıb. Bunun təxminən 2 milyonu idarənin saxlanılması, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunub. İmtahanlarda dövlət orta hesabla hər bir abituriyentə 25 manat pul xərcləyirdi".
Onun sözlərinə görə, imtahanların pullu olması iştirakçılarının sayına təsir göstərməyəcək. Sosial ədalət nəzərə alınmaqla müəyyən təbəqələrə imtahanda iştirak etmək üçün ayrı qiymətlər olacaq. İmtahanın növlərindən asılı olaraq imtahanların pulu da fərqlənəcək. Yalnız IX və XI siniflər üçün dövlət sifarişi ilə keçirilən buraxılış imtahanları pulsuz olacaq.
Şura sədri əlavə edib ki, bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün 41 965 yer təqdim olunub. Bu isə ötən illə müqayisədə 7,21% çoxdur. Dövlət sifarişli yerlərin sayında bir az fərq var və ötən illə müqayisədə 497 yer artıb. Qruplar üzrə də dövlət sifarişli yerlərdə artım var.
Məleykə Abbaszadə 2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid ballarını da açıqlayıb. I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılması üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq.