Baş prokurorun müavini: "41 vəzifəli şəxs barəsində axtarış elan edilib"

Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb.

 

APA TV-nin məlumatına görə, bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

 

Bu il məhkəməyə göndərilən 100 işdən ən çoxu bank sektoru ilə bağlı olub. Bank sektoru ilə bağlı istintaqı aparılan 37 cinayət işi məhkəmələrə göndərilib. Digər cinayət işlərinin 16-sı özəl sektor, 13-ü tikinti sektoru, 11-i ticarət, 8-i yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə bağlı, 5-i bələdiyyələr, 4-ü səhiyyə, 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 3-ü təhsil, 3-ü enerji sahəsi, 3-ü nəqliyyat, 1-i daxili işlər orqanları ilə bağlı olub.

 

Dövlət və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. 41 vəzifəli şəxs barəsində axtarış elan edilib, onların 12-si yerli, 29-u beynəlxalq axtarışa verilib. Bu il axtarışda olanlardan 9-u daxili işlər orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib.

 

Kamran Əliyevin sözlərinə görə, bu il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3254 müraciət daxil olub, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

 

Hesabat dövründə cinayət başında yaxalanmış şəxslər barəsində 6, habelə əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 15 olmaqla cəmi 21 cinayət işi başlanıb. 

 

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manat və ya 32,2 % ödənilib, qalan ziyanın ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Müəllif | Apa.Tv
Apa.tv