ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirdi
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi haqqında qanun layihəsini təsdiqləyib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, sənəddə sözü gedən sanksiyaların Krımın hazırkı statusunun davam etdiriləcəyi təqdirdə aradan qaldırılmayacağı qeyd olunub.
Bu ilin aprelində Ukraynada stabillik və demokratiya haqqında akt Nümayəndələr Palatası tərəfindən qəbul edilib.
Layihə müəllifi Eliot Engelin açıqlamasına görə, sənəd Ukraynanın özünümüdafiə hüququnun dəstəklənməsi və Krımın yenidən ölkənin tərkibinə geri qaytarılmasına istiqamətlənib.
E.Engelin fikrincə, ABŞ Krım məsələsinə münasibətdə 1940-cı ildə SSRİ tərkibinə birləşdirilən Estoniya, Latviya və Litvanın məsələsi kimi yanaşmamalıdır.
Sənədin mətninə uyğun olaraq, Rusiyaya qarşı yönələn məhdudiyyətlərin Minsk razılaşmaları icra edilməyincə qüvvədə qalacağı nəzərdə tutulub.
Həmçinin sənəddə qanunsuz olaraq Ukrayna aktivlərinə nəzarət edən banklar barəsində Amerika tərəfini məlumatlandırmaq haqqında bənd də var.
Qanun layihəsi Ağ Evin üzərinə Ukraynaya yeni investisiyaların cəlb olunması üçün beynəlxalq konsorsium yaradılması məsələsində ölkə hökuməti ilə məsləhətləşmələr aparılması öhdəliyini də qoyur.
Paketdə Rusiya üçün hərbi sahədə də bir sıra məhdudiyyətlər nəzərdə tutulub. Belə ki, bundan sonra rəsmi Moskva NATO tərəfdaşlarından hərbi avadanlıq və texnologiyalar ala bilməyəcək.
Sənədin müddəaları arasında onun həm də Rusiyanın nəzarətinə keçmiş bölgələrdə insan hüquqlarının pozulmasına qarşı yönəldiyi ifadə edilib.
Layihədə Rusiyanın rusdilli və xüsusilə də sərhədyanı dövlətlərdə apardığı təbliğata qarşı effektiv cavab verilməsi üçün xüsusi strategiyanın hazırlanması da müəyyən edilib.
Qanundakı daha bir maraqlı məqam "Maqnitski qanununun" bu və ya digər cəhətdən Rusiyanın nəzarətində olan ərazilərdə tətbiq ediləcəyi də göstərilib. Söhbət isə ilk növbədə Krım, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgədən gedir.
"Biz Ukrayna xalqına onu dəstəklədiyimizi, Vladimir Putinə isə onun aqressiv davranışlarının cavabsız qalmayacağını bildirməliyik" - deyə, Eliot Engel bildirib.