Gəncədə icra hakimiyyəti orqanları və KİV əməkdaşlığı mövzusunda konfrans keçirildi

Gəncədə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfrans keçirilib.

 

APA TV-nın qərb bürosunun məlumatına görə, konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, bir sıra mətbuat orqanların rəhbərləri və əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Elmar Vəliyev çıxış edərək bildirib ki, Azərbaycanda mətbuat nümayəndələrinin fəaliyyəti üçün hər cürə şərait yaradılıb.

 

PA-nın ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev ölkə mətbuatının inkişaf yolundan danışıb. Bildirib ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra demokratik cəmiyyətin formalaşmasında hədəflərdən biri azad medianın inkişafı olub. V.Əliyev mətbuat işçilərinə daim diqqət və qayğı göstərildiyini bildirib və qeyd edib ki, Azərbaycan dövlət tərəfindən jurnalistlərə pulsuz mənzillər verən yeganə ölkədir.

 

KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, “Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda müsabiqəyə 44 jurnalist yazısı təqdim olunub. Onlardan 6 nəfəri əsas, 16 nəfəri isə həvəsləndirici mükafatlara layiq görülüb.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.

 

Çıxış və məruzələrdən sonra “Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv