Moskvada polisi öldürən azərbaycanlıya 24 il həbs cəzası

Rusiya paytaxtında polisi qətlə yetirmiş Azərbaycan vətəndaşına hökm oxunub. APA TV-nin məlumatına görə, 22 yaşlı polis serjantı Andrey Bannovu qətlə yetirməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı 26 yaşlı Nemət Rəşidov məhkəmənin qərarı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, qətl hadisəsi 2015-ci il mayın 27-də baş verib. Nemət Rəşidov iki nəfərlə birlikdə Moskvanın cənubunda yerləşən valyuta terminalını oğurlayaraq "Qazel" markalı yük maşınına qoyub və qaçırıb.

 

Moskva Dairəvi avtomobil yolunda polis N. Rəşidovun avtomobilini saxlayıb. Bu zaman N. Rəşidov avtomobilindən düşərək yaxınlıqdakı meşəyə qaçıb. Polis serjantı Andrey Bannov onu yaxalamaq istəyərkən N. Rəşidov polisə bıçaqla xəsarət yetirib. Polis serjantı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-29 tarixlərində N. Rəşidov və onun iki silahdaşı yaxalanıb. N. Rəşidov ifadəsində polisi öldürmək fikrində olmadığını deyib.

 

Müəllif | Apa.Tv