Jandarma Komandanlığının binası azad edildi: 16 QİYAMÇI ƏSGƏR GÜLLƏLƏNDİ

Türkiyənin paytaxtı Ankarada yerləşən Jandarma Komandanlığının binası çevrilişə cəhd edən hərbçilərdən azad edilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərə görə, bunu Türkiyə Daxili İşlər Nazirliyinin baş polis idarəsinin rəisi Cəlaləddin Ləkəsiz açıqlayıb.

 

“Ankaranın Beştəpə məhəlləsindəki Jandarma Komandanlığı üsyançıların nəzarətinə keçmişdi. Buradan Türkiyənin 81 vilayətindəki jandarma qüvvələrini idarə etmək istəyirdilər. Lakin onlar mühasirəyə alındı, gecədən bəri atışmalar davam edirdi. Üsyançı hərbçilərdən 16-sı öldürüldü, 250-yə yaxın şəxs həbs edilib”, - deyə C.Ləkəsiz bildirib.

 

Yerli vaxtla saat 08.41-də bina hökuməti dəstəkləyən polis xüsusi təyinatlıları tərəfindən ələ keçirilib. C.Ləkəsiz qiyama cəhd edənlərin “Fətullahçı Terror Təşkilatı”nın mənsubları olduğunu söyləyib.

 

Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordu komandanlığının qərargahının önündə toplaşan insanlara atəş açılıb.

 

Bu arada Malatya şəhərində yerləşən qərargah binasının qarşısında atəş açılması nəticəsində 1 mülki şəxsin yaralandığı bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv