Əhməd Davudoğlu: "Kimsə Türk Silahlı Qüvvələrini qınaya bilməz"
"Kimsə dünən gecə baş verən bu hadisənin məsuliyyətini Türk Silahlı Qüvvələrinin üzərinə ata bilməz. Silahlı Qüvvələrimiz, başda Baş Qərargah rəisi olmaqla bu hərbi çevrilişə qarşı müqavimət göstərib". APA TV-nin xəbərinə görə, bunu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu deyib.
O bildirib ki, Türk Silahlı Qüvvələri göstərdiyi cəsarətlə demokratiyaya sadiq olduğunu hər zaman nümayiş etdirib: "Hörmətli Baş Qərargah rəisi ilə keçmişdə birlikdə işləmişik. Buna görə də onun dövlətə, demokratiyaya necə sadiq olduğunu deyə bilərəm. Türk Silahlı Qüvvələrinin dövlətə sadiq fərdləri ötən gecə yaşanan hadisələrin bir daha təkrarlanmasına imkan verməyəcək. Bu mənada türk ordusu dövlətimizin yenidən qurulması baxımından təməl təşkil etdiyini bir daha nümayiş etdirib".
Keçmiş baş nazir deyib ki, Türkiyə demokratiya yolunda çox ağır bir mübarizə apardı və ötən gecə meydanlara çıxan əhali sözün əsl mənasında bir dastan yazıb. Ə.Davudoğlu bu mübarizədə birlikdə olan hər kəsə təşəkkürünü bildirib.