Yunanıstana qaçan qiyamçı türk əsgərləri həbs edildi
Yunanıstanın ERT telekanalı yerli vaxtla saat 11:45-də Yunanıstanın Aleksandropolis şəhərində yerləşən hərbi aerodromda yerə enən Türkiyə Silahlı Qüvvələrinə aid helikopterdəki 8 hərbçinin saxlanıldığını açıqlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Yunanıstan tərəfi helikopterin göyərtəsində olan 8 hərbçinin Türkiyə tərəfinin tələbi ilə həbs edildiyi haqqında məlumat yayıb.
Hökumətdən verilən açıqlamada yunan tərəfinin bu məsələdə Türkiyə hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduğu da bildirilib.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu insidentdən sonra Yunanıstan hökumətinə müraciət edərək, həbs olunan hərbçilərin ölkəsinə təhvil verilməsini istəyib.
Qeyd edək ki, bir qədər öncə Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qaçırıldığı ilə bağlı məlumat yayılıb, daha sonra isə onun yerli vaxtla saat 11:51 radələrində Aleksandropolda yerləşən hərbi aerodroma endiyi açıqlanıb.