Bakıda yeni çörək zavodu açıldı
Prezident İlham Əliyev Bakının Xətai rayonu ərazisində “Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavodunun açılışında iştirak edib. Zavodun tikintisinə 2012-ci ildə başlanılıb və inşaat işləri yüksək standartlara uyğun şəkildə başa çatdırılıb. Tikintiyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Dövlət başçısı müəssisəni işə salıb və istehsal prosesi ilə tanış olub.
Bildirilib ki, zavodda quraşdırılan ən müasir avadanlıq istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Zavodda beş çörək istehsal xətti, qablaşdırma xətləri, xam malın qablaşdırması və avtomatik qoruyucusu olan anbar dəstək sistemləri quraşdırılıb.
Müəssisədə ümumilikdə 50 çeşiddə çörək və çörək məmulatı istehsal olunur. Gələcəkdə istehsal olunan çörək növlərinin artırılması planlaşdırılır. Gündəlik istehsal gücü 168 ton, illik isə 62 min tona yaxın olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılıb. Xüsusi nəqliyyat vasitələri ilə un zavoda gətirilərək burada quraşdırılan və hər birinin tutumu 40 ton olan 7 un anbarına boşaldılır. Un metal detektorlardan keçdikdən sonra ölçü stansiyalarına ötürülür. Bundan sonra istehsal prosesi başa çatanadək insan əli dəymədən həyata keçirilir. İstehsalda çəkiyə avtomatik qaydada nəzarət olunur.
Sonra prezident zavodun dequstasiya salonunda hazır məhsulların nümunələrinə baxıb.