DSX Akademiyası məzunlarının buraxılış mərasimi keçirilib
İyulun 16-da Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, ənənəvi olaraq Dövlət Bayrağı Meydanında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin komandanlığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulamış, tövsiyə və tapşırıqlarını verib, Azərbaycanın hər bir sərhədçisi kimi gənc zabitlərin də dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Azərbaycan prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını həmişə uca tutacaqlarına əminliyini bildirib.
Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqəti sayəsində əldə olunmuş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev sərhədçilərin əsas hədəfinin ölkə sərhədlərinin tam şəkildə mühafizə altına götürülməsi olduğunu vurğulayıb, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağını diqqətə çatdırıb.
Bu il akademiyanı bitirən 151 gənc zabitə diplomlar təqdim olunub, gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.
Mərasimdən sonra gənc zabitlər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.