100 yaşlı Cəlilabad sakininə şəxsiyyət vəsiqəsi təqdim olundu
Bu gün Cəlilabadda 100 yaşlı sakinə şəxsiyyət vəsiqəsi təqdim olunub.
APA TV-nin cənub bürosunun məlumatına görə, 15 iyul 1916-cı ildə Cəlilabadın Zəhmətabad kəndində doğulmuş İbadət İman qızı Quliyevaya şəxsiyyət vəsiqəsini onun evində Cəlilabad Rayon Polis Şöbəsinin pasport və qeydiyyat bölməsinin əməkdaşı təqdim edib. Mərasimdə 100 yaşlı ağbirçəyin övladları, nəvə-nəticələri, yaxınları iştirak ediblər.
Hazırda Cəlilabad şəhərinin Səttərxan küçəsində yaşayan İbadət Quliyeva mənalı ömür yolu keçib. Böyük Vətən müharibəsinin veteranı olmuş ömür-gün yoldaşı Sevindik kişi ilə 7 oğul və 1 qız böyüdüb ərsəyə çatdırıb. Övladlarının hamısı ailə qurub, ev-eşik sahibi olublar. Sevindik kişi isə 40 il öncə haqq dünyasına qovuşub.
36 nəvə, 60 nəticə sahibi olan İbadət nənənin ən böyük nəvəsi 57 yaşında, ən kiçik nəticəsi isə üç aylıqdır. Həyatından razılıq edən 100 yaşlı ağbirçək gənc ailələrə bir-birinə qarşılıqlı hörmət bəsləməyi, hər işdə səbirli və tədbirli olmalarını tövsiyə edib.