APA TV-nin Türkiyə müxbiri: "Bu proses uzana bilər"
"Hazırda İstanbulda və Ankarada sakitlikdir. Polis və təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət edir". Bu barədə APA TV-nin Türkiyə təmsilçisi Mayis Əlizadə bildirib.
Onun sözlərinə görə, ötən gecə həm Ankara, həm də İstanbulda kifayət qədər gərgin və toqquşmalarla müşahidə olunsa da hazırda vəziyyət nisbətən sabitləşib: "Səhərə yaxın prezident Rəcəb Tayyip Ərdoğan Marmarisdən İstanbula gəlmişdi. Mətbuat konfransı keçirəcəkdi, amma keçirmədi. Vəziyyət belədir ki, Rəcəb Tayyib Ərdoğan öz tərəfdarlarından aeroport və meydanlardan ayrılmamağı xahiş etmişdi, amma bu gün günorta vəziyyət sabitləşəndən sonra tərəfdarlarına xəbər göndərdilər ki, evlərinə getsinlər. Lazım olsa, iqtidar partiyasının təşkilatları onları yenidən meydanlara çağıracaq. Bundan sonrakı mərhələdə daha çox iş artıq prokurorluq və məhkəmə-istintaq orqanlarının məcrasında irəliləyəcək".
Dövlət çevrilişinə cəhdin hansı qüvvələr tərəfindən planlaşdırıldığına gəlincə, M.Əlizadə deyib ki, Türkiyənin hakimiyyət dairələrində artıq bununla bağlı müəyyən fikirlər səslənməkdədir: "Prezident Ərdoğanın da xüsusilə vurğuladığı kimi, bu, Fətullah Gülən icmasının ordu içərisində 40 ildən bəri yetişdirdiyi və özünə bağladığı adamların ciddi cəhdidir. Dövlətin rəsmi qurumlarına qarşı bu, çevriliş cəhdi kimi görünə bilər. Burada prezident Rəcəb Tayyib Ərdoğanın hədəfinin o adamların istər orduda və məhkəmə orqanlarında, istərsə də polis orqanlarında ilk növbədə təmizləməkdən ibarət olduğu görünür. Bu gün də səhər tezdən Fətullah Gülənə müraciət elədi ki, niyə Amerikada yaşayırsan, gəl burada yaşa, məhkəmə qarşısında cavab ver".
Bu gün həmçinin müxtəlif media orqanlarında nurçu şəbəkəsinin Pensilvaniyada yaşayan lideri Fətullah Gülənin Türkiyəyə təhvil veriləcəyi ilə bağlı bir sıra iddialar da səslənib. Bu iddiaların nə dərəcədə əsaslı olub-olmadığı bilinməsə də, F.Gülənin ekstradisiya olunub-olunmayacağı ilə bağlı Türkiyənin mövqeyi maraq doğurmaya bilməz: "Bu, bir uzun prosedurdur. Bundan əvvəl də Türkiyə dəfələrlə cəhd göstərmişdi, vəkillərə də xeyli pul xərcləmişdi bu məqsədlə. Amma baş tutmamışdı. Amerikanın yüksək rütbəli məmurları demişdilər ki, biz onu geri verə bilmərik. Türkiyə yenə çox çalışacaq ki, onu geri alsın. Bir az uzun çəkə bilər bu proses. Ona görə də bu məsələlərə soyuqqanlı yanaşmaq lazımdır".