Bakıda dəhşətli avtobus qəzası: 21 YARALI
Bakıda 21 nəfərin yaralanması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində qeydə alınıb.
Prospektin “aeroport yolu” kimi adlanan hissəsində metronun Koroğlu stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı xəttin “Daewoo” markalı avtobusu ilə "Shacman" markalı yük maşını toqquşub. Hadisə nəticəsində avtobus aşıb, yük maşını isə yoldan çıxıb. Daha sonra isə “VAZ-2107” markalı maşın aşan avtobusa çırpılıb.
İlkin məlumata görə, qəzada 21 nəfər yaralanıb, ölən olmayıb.
Yaralılar Sabunçu xəstəxanasına aparılıblar. Xəstəxanadan verilən məlumata görə, tibb müəssisəsinə daxil olanlar arasında ağır xəsarət alanlar olub.
Yol polisindən isə bildirilib ki, qəzadan sonra ərazidə tıxac yaranıb və sıxlıq tədricən aradan qaldırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.