Ermənistanda kütləvi həbslər: 200 nəfər saxlanıldı
Ermənistanda polis binasına hücumla əlaqədar 200 nəfər saxlanılıb. APA TV-nin “İnterfax” agentliyinə istinadən verdiyi xəbərə görə, daha sonra onlardan 50-si sərbəst buraxılıb.
Məlumata əsasən, hüquq-mühafizə orqanları onların “Təsis Parlamenti” təşkilatı və Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasına hücum edən silahlı qrupla əlaqələrini araşdırır.
Qeyd edək ki, “Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvləri Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını ələ keçirən zaman 1 polis əməkdaşı öldürülüb, 2 polis əməkdaşı yaralanıb.
Silahlı şəxslər polis əməkdaşlarını girov götürüblər. Aparılan əməliyyat zamanı 2 girov azad edilib.
Əməliyyatın detalları barədə hələ ki, geniş məlumat verilmir. Polis binasına hərbi texnika yeridilib.
Ermənistan parlamentinin deputatı Nikol Paşinyan isə TASS agentliyinə açıqlamasında deyib ki, hazırda silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır.