Masallıda evdən qızıl və pul oğurlandı

Masallıda oğurluq hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Mollaoba kəndində qeydə alınıb.

 

Naməlum şəxslər gecə saatlarında kənd sakini, 38 yaşlı Seyfəli Təyyar oğlu Baxşəliyevə məxsus evi qarət ediblər.

 

Evin birinci mərtəbəsinin pəncərəsindən mənzilə soxulan naməlum şəxslər oradan 3 min manat dəyərində qızıl-zinət əşyaları, eləcə də 500 ABŞ dolları və 150 manat pul oğurlayıblar.

 

Ev sahibinin sözlərinə görə, oğurluq baş verən vaxt ailə yaxın qohumlarının evində qonaqlıqda olub və hadisə barədə yalnız növbəti gün xəbər tutub. Zərərçəkənin sözlərinə görə, qarətçilərin evə necə yaxınlaşması hətta qonşuluqdakı evdə quraşdırılmış müşahidə kamerasına da düşüb: "Təqribən saat 6.00 tamamda evə gəldik. Gördük ki, aşağıdakı pəncərə açılıb. Yuxarı çıxdıq, gördük ki, siyirmələrin hamısı açılıb. Siyirmələri yoxladıq, gördük ki, nə qızıllar var, nə də pullar".

 

Hadisə barədə dərhal Masallı Rayon Polis Şöbəsinə məlumat verilib. Evə gələn polis əməkdaşları hadisə yerini müayinə edərək, istintaq üçün zəruri olan barmaq izlərini götürüblər.

 

Faktla bağlı  Masallı Rayon Polis Şöbəsində cinayət işi açılıb, oğurluq hadisəsini törətmiş şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv