Nadir Əzməmmədov: "İsti havalar relslərdə genişlənməyə səbəb olur"
"Azərbaycan Dəmir Yolları" QSC yay mövsümü ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Sərnişinlərin və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Bu barədə APA TV-yə qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
Onun sözlərinə görə, rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməsin deyə yollar otlardan təmizlənir: "Vacib olan işlərdən biri də odur ki, sərnişindaşıma departamenti də bu işləri həyata keçirir. Havaların isti keçməsi ilə əlaqədar olaraq qatarlar səfərə çıxmazdan əvvəl bütün vaqonlarda soyuducu sistemi yoxlanılır və ondan sonra xəttə buraxırıq ki, yolda sərnişinlər heç bir narahatlıq keçirməsin. Relslərarası məsamələr yoxlanılır, havaların isti keçməsi ilə əlaqədar relslərdə genişlənmə əmələ gəlir. Ona görə də uzun relslərin arasına qısa relslər əvəzlənir ki, bu genişlənmə olduqda, təhlükəsiz olsun. Bundan əlavə, energetika təchizatında naqillərində də genişlənmə baş verir, bu istiqamətdə də işlər aparılır. Yəni bu elə tənzimlənsin ki, qatar bu yolda təhlükəsiz hərəkət etsin".
Nadir Əzməmmədovun sözlərinə görə, hazırda daha çox qərb istiqamətində sıxlıq var. Xaricə isə daha çox Gürcüstana səfər edirlər: "Yay mövsümü ilə əlaqədar səfərə çıxanların sayı çoxalır. Əlavə vaqon qoşmaqla bu vəziyyətdən çıxırıq. Qiymətlərdə heç bir dəyişiklik yoxdur. Tarif Şurasının təsdiq etdiyi tariflər var, həmin tariflər əsasında bilet satışı həyata keçirilir. Onu qeyd edim ki, Bakı ilə Sumqayıt arasında işləyən elektrik qatarının tariflərində dəyişiklik var. Biznes-klass vaqonlarda 2 manat 60 qəpik idi biletlərin qiyməti, hazırda isə 1 manat 60 qəpiyə bilet satışını həyata keçirirlər. Bu xidmətdən istifadə edən insanlar baha olduğuna görə biznes-klassdan istifadə etmirdilər. Biz qiyməti salmaqla sərnişinləri bu xidmətə cəlb etdik ".
N.Əzməmmədov bildirib ki, Bakı ətrafı ərazilərdə, eləcə də xətt boyu dəmir yolu ərazilərinə yaxın yerlərdə yaşayan insanların məişət tullantılarını bura atması dəmiryolu üzrə daşımalarda müəyyən problemlər yaradıb. Onun sözlərinə görə, bununla bağlı dəfələrlə rayon icra hakimiyyətlərinə müraciət edilsə də, məsələ öz həllini tapmayıb: "Dəmir yolunun mühafizə zonası var, sanitar zonası var, son illər çox problemli iş idi. Bu işin həllini tapa bilmirdik. Rayon icra hakimiyyətlərinə, bələdiyyələrə, Bakı Şəhər İcra Hakimiyyətinə məktublar ünvanlayırdıq ki, bu işdə bizə kömək olsunlar. Buna baxmayaraq, kömək etmirdilər. Bu məişət tullantıları da xətt boyu tökülüb qalırdı. Artıq bu istiqamətdə işlər aparılır, xətt boyu bütün zibillər, məişət tullantıları artıq təmizlənib. İndi baxırsan, xətt boyu o qədər gözəl görünür. Bilirsiniz ki, neftin daşınmasını həyata keçirdirik. Bu da çox təhlükəli idi ki, zibili ora qoyurlar alışa bilər, böyük bir faciə baş verə bilər. Artıq bunların da təmizləmə işlərini həyata keçiririk. Yol boyu zibil qutuları da yerləşdirilib. Biz orada xəndəklər də qazmışıq ki, zibilləri ora atsınlar".