ORXAN ZEYNALOVU ömürlük həbs gözləyir

Rusiya İstintaq Komitəsi Moskvada 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı daha ağır maddə üzrə ittiham elan edib. APA TV-nin xəbərinə görə, İstintaq Komitəsinin rəsmisi Vladimir Markin bildirib ki, şübhəliyə qarşı xuliqanlıq zəminində qətl maddəsi üzrə ittiham elan olunub. Bu maddə üzrə ittiham olunan şəxsi ömürlük həbs gözləyir.

 

Bundan əvvəl isə Zeynalova qarşı maksimal cəza müddəti kimi 15 il həbsi nəzərdə tutulan 105-ci maddənin 1-ci hissəsi üzrə ittiham elan edilmişdi.

 

V.Markinin bildirdiyinə görə, istintaq bu qənaətə gəlib ki, qətl məhz xuliqanlıq zəminində törədilib. İstintaq Komitəsinin rəsmisi deyib ki, Zeynalov törətdiyi cinayəti boynundan atır və hadisə yerində olmadığını bildirir.

 

Həmçinin V.Markin O.Zeynalovun həbsi zamanı onunla sərt rəftara haqq qazandırıb.

 

Qeyd edək ki, Zeynalovun saxlanılarkən xüsusi təyinatlılar tərəfindən döyülməsini əks etdirən kadrlar Rusiyada və Azərbaycanda geniş ictimai rezonans doğurub.

 

Müəllif | Apa.Tv