Zaqatalada iki uşaq dərəyə yuvarlandı, biri öldü
Zaqatalada dağlıq ərazidə oynayan iki azyaşlı uşaq dərəyə yıxılıb. Onlardan biri ölüb, digəri isə ağır xəsarət alıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə iyulun 17-də günorta saatlarında kəndin yuxarı hissəsində, dağlıq ərazidə baş verib.
Yuxarı Çardaqlar kənd sakinləri olan 2010-cu il təvəllüdlü Mələk Məmməd qızı Yəhyayeva və 2011-ci il təvəllüdlü Rəcəb Məhəmməd oğlu Qurbanov ərazidə nəzarətsiz oynayarkən ehtiyatsızlıqdan 6-7 metr dərinliyindəki dərəyə yıxılıblar. Uşaqlar kənd sakinlərinin köməyi ilə dərədən çıxarılıblar.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 6 yaşlı Mələk Yəhyayeva və 5 yaşlı Rəcəb Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcilli Tibbi Yardım şöbəsinin ambulator maşını ilə xəstəxanaya aparılarkən Rəcəb Qurbanov aldığı ağır bədən xəsarətlərindən yolda keçinib.
Zaqatala RMX-dan APA TV-yə verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mələk Yəhyayevaya ağır kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.