Azərbaycan prezidenti idmançıları Rio Olimpiadasına yola saldı
Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Prezident İlham Əliyev çıxışında avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində başlayacaq XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğulayıb. Yay Olimpiya Oyunlarında Azərbaycanın 56 idmançı ilə təmsil olunacağını deyən dövlət başçısı budəfəki Oyunlara 57 lisenziyanın qazanıldığını diqqətə çatdırıb. Ötən dövrdə idmançılarımızın beynəlxalq yarışlarda yüksək səviyyədə iştirak etdiyini, Olimpiya Oyunlarında uğurlu nəticələr qazandığını deyən prezident İlham Əliyev bildirib ki, Azərbaycan idman dövlətidir və ölkəmizdə idmanın inkişafı ilə bağlı məqsədyönlü siyasət aparılır.
“Düşünülmüş siyasət idmanı Azərbaycan cəmiyyətində önəmli amilə çevirib”, - deyən dövlət başçısı cəmiyyətimizdə idmançıların layiqli yer tutduğunu və idmanla məşğul olmaq istəyənlərin sayının getdikcə artdığını vurğulayıb. Bildirib ki, bunun əsas səbəbi idmançılarımızın uğurları və onlara göstərilən dövlət qayğısıdır.
İdmançıların mənzil-məişət problemlərinin həll olunduğunu, bütün ölkədə mükəmməl idman infrastrukturunun yaradıldığını diqqətə çatdıran prezident İlham Əliyev son bir neçə ildə Bakıda gözəl memarlıq əsərləri olan möhtəşəm idman obyektlərinin istifadəyə verildiyini bildirib. İdmanın kütləviliyinin təmin olunmasının əsas şərt olduğunu vurğulayan dövlət başçısı deyib ki, bizə sağlam gələcək, sağlam millət lazımdır.
Son illərdə Azərbaycanda beynəlxalq idman yarışlarının davamlı olaraq keçirildiyini, artıq dünya və Avropa çempionatlarının Bakıda təşkilinin adi hala çevrildiyini qeyd edən prezident İlham Əliyev bütün bunları beynəlxalq idman aləmi tərəfindən Azərbaycana göstərilən diqqətin təzahürü kimi xarakterizə edib. Prezident İlham Əliyev ötən il tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Yay Olimpiya Oyunları səviyyəsində keçirilən Birinci Avropa Oyunlarının idmançılara və qonaqlara ölkəmizlə yaxından tanış olmaq imkanı verdiyini deyib. “Dünya gördü ki, Azərbaycan inkişaf etmiş, müasir ölkədir və bu ölkənin güclü idmançıları var”, - deyən dövlət başçısı vurğulayıb ki, Birinci Avropa Oyunları bizim tarixi qələbəmiz və nailiyyətimizdir. Bu, Azərbaycan dövlətinin zəfəridir.
Azərbaycan prezidenti ötən ay Bakıda keçirilən və beynəlxalq reytinqdə mühüm yer tutan, tamaşaçı auditoriyası 500 milyon olan Formula-1 Avropa Qran-prisinin respublikamızın və Bakının təbliği baxımından mühüm tədbir olduğunu bildirib, yarışın ölkəmizin turizm potensialının inkişafında xüsusi rol oynayacağını diqqətə çatdırıb.
Prezident İlham Əliyev deyib ki, bu il Bakıda Dünya Şahmat Olimpiadası, gələn il isə IV İslam Həmrəylik Oyunları keçiriləcək. Bu da bir daha ölkəmizin özünəməxsus xüsusiyyətlərini əks etdirir. Bu, həm də onu göstərir ki, dünya miqyasında ölkəmizin nüfuzu getdikcə artır. Cəmi 25 illik müstəqilliyi dövründə Azərbaycan böyük yol keçib və inkişaf edən ölkəyə çevrilib.
“Ancaq güclü dövlətlərdə güclü idman olur və Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür”, - deyən prezident İlham Əliyev bütün idman yarışlarının bir sınaq olduğunu qeyd edib. Vurğulayıb ki, ən əsası bu sınaqdan üzüağ çıxmaqdır. Çünki bütün xalqımız idmançılarımızdan qələbə gözləyir.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Rio Olimpiadasında ölkəmiz idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunacaq. Azərbaycan idmanın dörd növündə ilk dəfə təmsil ediləcək. Azərbaycan komandasının əsasən titullu idmançılardan ibarət olduğunu deyən Azad Rəhimov bu Olimpiya Oyunlarında üç hakimimizin də təmsil olunacağını bildirib.
Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev idmançılara, ümumilikdə ölkəmizdə idmanın inkişafına verdiyi güclü dəstəyə görə prezident İlham Əliyevə təşəkkür edib.
Paralimpiyaçı İlham Zəkiyev idmançılarımızın qazandığı qələbələrdə prezident İlham Əliyevin xüsusi rolunu vurğulayıb. O, Birinci Avropa Oyunlarında uğurla çıxış edən atletlərimizin Rio Olimpiadasında da müvəffəqiyyət qazanacaqlarına əminliyini ifadə edib.
Yunan-Roma güləşi üzrə yığma komandamızın üzvü Rəsul Çunayev ölkəmizi Olimpiya Oyunlarında təmsil etməkdən fərəh hissi duyduğunu deyib və bu sınaqdan üzüağ çıxmağın qarşıda duran mühüm vəzifə olduğunu bildirib.
Sonra Rio Olimpiadasına gedən idmançılarımız Olimpiya andı içiblər və Azərbaycanın dövlət bayrağını öpüblər.
Prezident İlham Əliyev onlara xeyir-dua verərək uğurlar diləyib.
Mərasim başa çatdıqdan sonra Prezident İlham Əliyevə XXXI Yay Olimpiya Oyunlarında atletlərimizin geyinəcəyi idman forması təqdim olunub. Bildirilib ki, bütün idmançılarımız “Zika” virusu əleyhinə dərman vasitələri və digər tibbi ləvazimatlarla təmin olunub.
Sonda prezident İlham Əliyev idmançılarla xatirə şəkli çəkdirib.