700 bal toplayan qazaxlı abituriyent: “Yaxşı cərrah olmaq istəyirəm"
IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilən qəbul imtahanlarında 700 bal toplayan 6 nəfərdən biri də Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu Səbinə Emil qızı İsmayılovadır.
APA TV-nın qərb bürosunun əməkdaşları Səbinənin yaşadığı evdə olub, onu təbrik ediblər.
Səbinə yüksək bal toplayacağına inansa da, 700 bal haqda düşünmədiyini deyib.
“Tibb Universitetini seçəcəyəm. Yaxşı cərrah olmaq istəyirəm. Çoxdankı arzum olub” deyən S.İsmayılova gələcəkdə imtahan verən abituriyentlərə məsləhətini də verib: “Diqqətli olmaq lazımdır, sualları dəqiq oxuyub başa düşmək vacibdir. Birdə imtahanda həyəcanlanmaq olmaz”.
Səbinənin Babası Rza İsmayılov bildirib ki, nəvəsi iki il ərzində intensiv hazırlaşıb və imtahanda yüksək nəticə əldə edib: “Səbinə məktəbə gedib gələndən sonra evdə oturub dərslərini hazırlayırdı. Onun üçün bütün şərait yaratmışdıq. İmtahanın nəticələri çıxanda 700 bal topladığını eşidəndə qışqırıb ağlamağa başladı. Sevinc göz yaşları idi bu”.
Səbinənin atası Emil İsmayılov qızının sınaq imtahanlarında da yüksək nəticə əldə etdiyini deyir. O, qızının yüksək bal toplamasında rayonda fəaliyyət göstərən müəllimlərin də əziyyətinin olduğunu bildirib.
Səbinənin oxuduğu məktəbin direktoru İlduzə Yusibova yetirmələrinin uğuruna sevindiklərini deyir: “Səbinə daima diqqət mərkəzində olan şagirdimiz olub. Onun uğuru bütün rayonun uğurudur. Məktəbimizdə 600-dən yüksək bal toplayan abituriyentlər olub, amma 700 bal nəticəni ilk dəfə Səbinə göstərib və bizi sevindirib”.
Qeyd edək ki, Səbinə müəllim ailəsində böyüyüb. Onun babası fizika, nənəsi riyaziyyat, anası isə dil-ədəbiyyat müəlliməsidir. Səbinə İsmayılova 2015-ci ildə keçirilən kimya üzrə Dünya Olimpiadasında yüksək nəticə əldə edib.