Füzulidə ANAMA-nın 18 illiyi qeyd olundu
Bu gün Füzuli rayonunda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının ildönümü münasibətilə tədbir təşkil olunub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, ANAMA-nın Horadiz regional bazasında keçirilən toplantıda xarici dövlətlərin diplomatları da iştirak edib.
Birinci Qarabağ müharibəsindən sonra, 1998-ci ilin bu günündə yaradılan ANAMA artıq dünyada tanınan qurumlardan birinə çevrilib. Ölkə ərazisində mina təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Füzuli, Gəncə, Goranboy, Qazax, Mingəçevir, Samux, Tərtər, Tovuz, eləcə də Qaradağ rayonunun Güzdək qəsəbəsində həyata keçirilib.
ANAMA-nın baş direktoru Qəzənfər Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, 18 ildə ANAMA kifayət qədər təcrübə qazanıb. Son illər ANAMA-nın mütəxəssisləri xarici ölkələrdə keçirilən təlimlərdə böyük uğurlar qazanıb. Yerli mütəxəssislərimiz təkcə ölkədaxili deyil, ölkənin hüdudlarından kənarlarda da böyük uğurlara imza atıblar.
ANAMA-nın yaranması münasibətilə təşkil olunan tədbirdə BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı, İsrail, ABŞ, Rusiya və Çexiyanın Azərbaycandakı hərbi attaşeləri iştirak edib. Qonaqlar bazada minatəmizləmə üçün xarici ölkələrdən gətirilən müasir avadanlıqlarla tanış olub, texnikaların və itlərin təlimlərinə baxış keçiriblər. Tədbirdə qeyd olunub ki, indiyədək agentlik tərəfindən 377 milyon 101 min 116 kvadrat metr ərazi təmizlənib, tapılaraq zərərsizləşdirilən mina və PHS-lərin sayı 720 298 ədəd olub.
Tədbirin sonunda xidməti işində fərqlənən ANAMA-nın əməkdaşlarına diplomlar təqdim olunub.