İsmayıllıda 700 bal toplayan abituriyent: "Gözləmirdim..."
İsmayıllı şəhər 5 saylı orta məktəbin məzunu Ağalətif İsaq oğlu Lətifov IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayıb.
APA TV-nin xəbərinə görə, Ağalətif Lətifov sınaq imtahanlarında yüksək bal toplamaqla yanaşı, 2015-ci ildə biologiya üzrə respublika fənn olimpiadasında bürünc medal qazanıb:
“Orta məktəbdə nəticələrim yüksək olub. Bütün qiymətlərim “5” olub. Uşaqlıqdan həkim olmağı arzulayırdım. Buna görə də Azərbaycan Dövlət Tibb Universitetinin “Müalicə işi” fakültəsinə sənədlərimi verəcəyəm. Uşaq həkimi, pediatr olmaq istəyirəm. Ailə üzvlərim, yaxınlarım 700 bal topladığıma görə çox sevinir. Sözün açığı, imtahanda yüksək bal toplayacağımı gözləyirdim”.
Ağalətif Lətifov orta məktəbi qızıl medalla bitirib. Atası İsaq müəllim 5 saylı orta məktəbin direktor müavinidir. İxtisasca riyaziyyat müəllimi olan İsaq Lətifov qız övladının da Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olduğunu bildirib.