Türkiyədə kütləvi "təmizləmə": dövlət işçilərinə ölkədən çıxmaq yasaqlandı

Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində “Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir.

 

APA-nın “Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi ilə əlaqədar 2745 hakim və prokuror vəzifədən çıxarılıb.

 

İşdən uzaqlaşdırılanların həbsinə başlanıb. Həbs olunan hakim və prokurorların sayının 3 minə çatacağı bildirilir. Bu miqdar Türkiyədəki hakim və prokurorların beşdə birini təşkil edir.   

 

Türkiyə Hakimlər və Prokurorlar Ali Şurasının məlumatına əsasən ölkədə 10 min 72 hakim və 4 min 921 prokuror var.

 

Bundan başqa, Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla, 7 850 polis vəzifələrindən uzaqlaşdırılıb. Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.  

 

Ötən gecə boyunca polis idarələrinə və bölmələrinə çağırılan həmin polislərin silahları və şəxsi sənədləri müsadirə edilib.

 

Bu arada Türkiyə Daxili İşlər Nazirliyi sistemindən uzaqlaşdırılan dövlət məmurlarının sayı açıqlanıb. Türkiyə DİN-dən bildiriblər ki, nazirlik sistemində ümumilikdə 8 777 məmur vəzifədən kənarlaşdırılıb. Onların arasında 1 vilayət valisi, mərkəzi aparatdakı 29 vali, 52 mülki müfəttiş, 16 hüquq müşaviri, 1 baş müdir, 2 idarə rəisi də var. Bu şəxslərdən neçə nəfərinin həbs olunduğu açıqlanmayıb.

 

Türkiyədə dövlət idarələrində çalışan şəxslərin ölkə xaricinə getməsinə də qadağa qoyulub. Dövlət idarələrində çalışanların xarici səfərləri qeyri-müəyyən müddətə qədər məhdudlaşdırılıb. Yaşıl pasporta sahib olanlar isə xaricə çıxmaq üçün çalışdıqları idarədən rəsmi sənəd təqdim etməlidirlər.

 

Qərar bu gün səhərdən tətbiq edilməyə başlanıb. Atatürk hava limanında uzun növbələr yaranıb.

Müəllif | Apa.Tv
Apa.tv