700 bal toplayan şəmkirli abituriyent: "Uğurumun sirri..."
IV ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən biri də Şəmkir rayonunun Çinarlı kənd sakini Orxan Zülfüqarovdur.
APA TV-nin qərb bürosunun məlumatına görə, Orxan 2 saylı kənd orta məktəbinin məzunudur.
Sınaq imtahanlarında yüksək bal toplayan Orxan qəbul imtahanında da yüksək bal toplayacağına əmin olub. Orxan başqa abituriyentlərdən fərqli olaraq, orta məktəbin aşağı siniflərindən dərslərini vaxtlı-vaxtında oxuduğu üçün yuxarı siniflərdə gərgin hazırlığa ehtiyac olmayıb. Maksimum bal toplayan Orxan qəbul imtahanında yüksək bal toplamağın sirrini riyaziyyat fənnində görür. Deyir, riyaziyyatı yaxşı bilən şagird başqa fənlərdə əziyyət çəkmir.
Orxan müəllim ailəsində doğulub boya-başa çatıb. Atası Əzim Zülfüqarov kənd orta məktəbində riyaziyyat müəllimdir. Onun dediyinə görə, Orxan hələ aşağı siniflərdən kurslarda və digər imtahanlarda yüksək nəticə əldə edib və gələcəkdə qəbul imtahanlarında uğur qazanacağına zəmin yaradıb: "Bu nəticələri əlbəttə ki, gözləyirdim. Bir valideyn kimi qarşısına tələb qoyurdum ki, sən birincilərdən olmalısan, sən 700 bal toplamağa layiqsən. Sağ olsun. Ona təşəkkür edirəm ki, mənim əməyimi, məktəbin, dövlətin əməyini yerdə qoymadı".
Orxan Tibb Universitetini seçəcəyini desə də, hələ hansı sahə üzrə həkim olmaq istədiyini bilmir. Gələcəkdə seçəcəyi ixtisas üzrə xaricdə təhsil almaq istəyi isə ən böyük arzusudur.