Qudasıgilə qonaq getdi, kanalda boğuldu

Göyçay rayonuna qonaq gələn Bakı sakini su kanalına düşərək boğulub. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Bakı şəhər sakini 1946-cı il təvəllüdlü Kamil Qəhrəmanov Göyçayın Cəyirli kənd sakini, yenicə qohum olduğu qudası Ağmusa İsmayılovun ailəsinə qonaq gəlib. Gəzinti üçün Yuxarı Şirvan kanalının ətrafına çıxan Kamil Qəhrəmanov su kanalına düşüb. Məlumata görə 67 yaşlı kişi rayonun Potu kəndi ərazisində nar yedikdən sonra su ilə əlini yumaq üçün kanalın kənarına düşmək istəyib. Lakin o, ehtiyatsızlıq edib və ayağı sürüşərək kanala düşüb.

 

Qohumlar və hadisə şahidləri dərhal FHN-nin “112” qaynar telefon xəttinə müraciət ediblər. Hadisə yerinə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir şəhərindəki Aran dalğıc qrupu cəlb olunub. Hazırda xilasediclər həmin şəxsin meyitinin tapılması istiqamətində axtarışları davam etdirirlər.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov