Yaponlar Qaxda zavod tikirlər
Yaponiya hökuməti Qaxda tullantıların emalı üçün zavodu tikəcək. APA TV-nın məlumatına görə, Yaponiya hökuməti ölkəmizin bölgələrində ekoloji vəziyyətin təmizlənməsi, flora və faunanın qorunması istiqamətində yaxın vaxtlarda Qax rayonunda tullantıların emalı zavodunun tikintisinə başlayacaq. Bu münasibətlə Qax rayon İcra Hakimiyyətində Yaponiya Hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı proqramı çərçivəsində “Qax rayonunda tullantıların idarə olunması” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfirinin səlahiyyətlərini icra edən xanım Hideko Ono və Qax rayon rəhbərliyi iştirak edib. Bildirilib ki, Qax rayonunda tullantıların və təkrar istifadənin praktik olaraq davamlı şəkildə idarə olunmasının həllini təmin etmək məqsədi ilə rayondan kənarda yanma kameraları inşa ediləcək. Layihədən faydalanacaq sakinlərin sayı 19 min nəfərə yaxındır. Bu layihə üçün Yaponiya hökuməti 116 min ABŞ dolları həcmində qrant ayırıb.
Görüşdə qeyd olunub ki, son illər Yaponiya hökuməti “ Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Qax rayonunda ümumi dəyəri 458 min ABŞ dolları olan 5 layihə həyata keçirib.