Şimali Koreya üç raketin sınağını birdən keçirdi
Şimali Koreya növbəti raket sınağını həyata keçirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, buraxılan üç raketin hədəf məsafəsi 500-600 km-ə qədər olub.
Bu raketlər Cənubi Koreyada istənilən nöqtəni rahatlıqla vurmaq imkanına malik olub, "Nodon" tipli, sovet istehsalı olan və daha çox "Skad" olaraq tanınan, məşhur RK 9K72 "Elbrus"-un müasirləşdirilmiş versiyasıdır.
"Şimali Koreya yalnız nüvə sınaqları ilə kifayətlənmir, ballistik raket sınaqlarını da intensivləşdirir. Əvvəllər isə bu, nadir hallarda qeydə alınırdı", - deyə, Cənubi Koreyanın baş naziri Xvan Qe An bildirib. O qeyd edib ki, rəsmi Seul ölkənin təhlükəsizliyindən ciddi narahatdır.
Xatırladaq ki, iyulun əvvəlində Seul və Vaşinqton THAAD amerikan zenit-raket kompleksinin döyüş vəziyyətinə gətirilməsi barədə qərar veriblər. Pxenyan isə bunu "düşmən addımı" adlandırıb və cavab addımları atacağını bəyan edib.