Türkiyə baş nazir aparatının 257 əməkdaşı işdən kənarlaşdırıldı
Türkiyə baş nazir aparatının paytaxt Ankaranın Villi Brandt küçəsində yerləşən əlavə iqamətgahında 257 əməkdaş işdən kənarlaşdırılıb.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, həmin şəxslərin kimlikləri (şəxsiyyət vəsiqəsi) müsadirə edilib.
Hazırda polis iqamətgahda təhqiqat aparır. Çoxlu sayda sənəd müsadirə olunaraq araşdırma üçün polis idarəsinə aparılıb.
Türkiyədə hərbi çevriliş cəhdindən sonra dövlət orqanlarında başlayan kütləvi “təmizləmə”lər dini idarəni də əhatə edib. Türkiyə Nazirlər Kabineti (Başbakanlık) yanında Dini İşlər İdarəsinin (Diyanet İşleri Başkanlığı) 492 əməkdaşı işdən kənarlaşdırılıb. Onların “paralel dövlət” adlandırılan “Fətullahçı Terror Təşkilatı”na yaxın şəxslər olduğu bildirilir.
Qeyd edək ki, 15 iyulda baş vermiş hərbi çevriliş cəhdindən sonra Türkiyənin dövlət orqanlarında “Fətullahçı Terror Təşkilatı”na (FETÖ) mənsub olduğu iddia edilən dövlət məmurlarının kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb.