Bakıda "Shacman" sərnişin avtobusuna çırpıldı: xəsarət alanlar var
Bakının Sabunçu rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, yol-nəqliyyat hadisəsi Aeroport yolunda baş verib.
“Shacman” yük avtomobili 184 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusuna arxadan çırpılıb. Qəza nəticəsində sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Xəsarət alanlar ətrafdakıların köməyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına aparılıblar. Onlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb “Shacman”ın sürücüsünün sərxoş olması olub. Sürücü hadisə yerinə gələn yol polisi əməkdaşları tərəfindən içki müayinəsinə aparılıb.
Qəza nəticəsində “Shacman”ın kabinəsi ciddi deformasiyaya uğrayıb. Qəzadan sonra nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Hadisə yerinə cəlb olunmuş əlavə polis qüvvəsi sıxlığı qısa müddət ərzində aradan qaldırıb. Faktla bağlı araşdırma aparılır.