İrəvanda toqquşmalar səngimir: 4 polisi xəstəxanalıq etdilər

İrəvanda silahlı şəxslərin ələ keçirdiyi polis şöbəsinin qarşısında polis və mülki vətəndaşlar arasında təkrar baş vermiş toqquşmalar nəticəsində dörd polis əməkdaşı yaralanıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə deputat,  “Erməni Milli Konqresi” müxalifət fraksiyasının üzvü Nikol Paşinyan bildirib.

 

“Vətəndaşlar ara yollarla mühafizə olunan əraziyə keçməyə cəhd edərkən polis əməkdaşları ilə toqquşma baş verib. Nəticədə dörd polis xəsarət alıb, onlar xəstəxanaya aparılıblar. İlkin məlumata görə, yaralar odlu silahla yetirilməyib. Bu insanlar polisi daş-qalaq ediblər”, - deyə Nikol Paşinyan bildirib. 


İrəvan polisinin rəisi Aşot Karapetyan bildirib ki, insident nəticəsində saxlanılan yoxdur. Eyni zamanda etirazçılar silahlı şəxslərin ələ keçirdiyi polis şöbəsinin qarşısında   barrikadalar qurublar.
 

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.
 

Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini general-mayor Vardan  Yegiazaryan və İrəvan polisinin rəis müavini polkovnik Valeri Osipyan var.

 

Müəllif | Apa.Tv
Apa.tv