Balakəndə narkotik bitkilər əkib-becərən şəxslər saxlanıldı

Balakəndə narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərilməsi və narkotik vasitələri qanunsuz saxlamaqda təqsirləndirilən rayon sakinləri həbs edilib.

 

Balakən rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olan və narkotik vasitələrdən qanunsuz istifadə edən şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirilib.

 

Nəticədə rayonun Qullar kənd sakini, 1978-ci il təvəllüdlü Rəsul Nizami oğlu Yetimovun yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada əkilən 3 ədəd narkotik tərkibli bitki hesab olunan çətənə kolu aşkar edilərək götürülüb. Rəsul Yetomovun yaşadığı evdən isə 45,21 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana götürülüb.

 

Əməliyyat-axtarış tədbiri zamanı Balakən şəhəri, Ə.Əfəndiyev küçəsi, ev 9 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Əsədullah İsa oğlu Qurbanovun yaşadığı evin həyətyanı sahəsindən 3 ədəd dibçəkdə əkilmiş çətənə kolu, yaşadığı evdən isə 2 kq 805 qr narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Hər iki şəxs barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov