Şamaxıda minik avtomobili və taxıl sahəsi yandı

Şamaxı rayonunda taxıl sahəsi və minik avtomobili yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Cabanı kəndi ərazisində qeydə alınıb.

 

Rayon sakini Vüqar Ağaməmməd oğlu Nuriyev dostuna məxsus 47 BD 595 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə üzüm bağına işləməyə gəlib. Vüqar Nuriyev üzüm sahəsində işləyərkən avtomobili saxladığı biçilmiş taxıl sahəsi naməlum şəxs tərəfindən yandırılıb. Yanğına nəzarət olunmadığı üçün alov qısa vaxtda geniş ərazini əhatə edib və taxıl sahəsində saxladığı minik avtomobili tamamilə yanaraq yararsız hala düşüb.

 

Vüqar Nuriyev hadisədən gec xəbər tutub və alovun söndürülməsi üçün telefonla zəng edərək, FHN-in Şamaxı rayon Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib. Hadisə yerinə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Yanğın qısa vaxtda söndürülüb, yaxınlıqdakı kombayn, üzüm bağları və biçilməmiş taxıl sahəsi alovdan mühafizə edilib. Hadisə zamanı avtomobillə yanaşı 4 hektar biçilmiş taxıl sahəsi də yanıb.

 

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv