Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi jurnalistləri mükafatlandırdı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə “Mediada ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

 

APA TV-nin xəbərinə görə, müasir cəmiyyətdə informasiyanın rolunun böyük olduğunu qeyd edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın 22 iyul - Milli Mətbuat Günü münasibətilə təşkil olunduğunu deyib.

 

O bildirib ki, Azərbaycanda KİV-in sayında önəmli ölçüdə irəliləyişlər var və mətbuat xalqın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

 

MŞ sədri, millət vəkili Əflatun Amaşov 1875-ci ildən bu yana Azərbaycan mediasının bütün əlamətdar hadisələrdə yol göstərdiyini qeyd edib. O, milli-mənəvi dəyərlərin möhkəmlənməsində mətbuatın önəminə də toxunub.

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, Azərbaycan mediasını qadın jurnalistlərin imzası olmadan təsəvvür etmək qeyri-mümkündür. Azərbaycanın ailə, qadın və uşaq məsələləri haqqında bir çox beynəlxalq konvensiyaya qoşulduğunu deyən V.Əliyev Azərbaycanın jurnalistləri mənzillə təmin edən yeganə dövlət olduğunu və bu prosesin davam edəcəyini ifadə edib.

 

Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva isə deyib ki, Azərbaycan ailə modeli dünya ailə modellərindən yaxşı mənada fərqlənir.

 

Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "ASAN Radio"nun rəhbəri Emin Musəvi Azərbaycan mediasında ailə, qadın və uşaq problemlərinin işıqlandırılması ilə bağlı çıxış ediblər.

 

Sonda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə bir neçə media orqanı mükafatlandırılıb. Mükafatlandırılanlar arasında  “APA Holding” də var.

Müəllif | Apa.Tv
Apa.tv