Qəbələdə Alban Apostol kilsəsinə dair beynəlxalq konfrans keçirildi
İyulun 20-də Qəbələ şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Müəllif Hüquqları Agentliyi və Qəbələdə fəaliyyət göstərən Alban-Udi xristian dini icmasının birgə təşkilatçılığı ilə “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, konfransda Norveç, Türkiyə və Rusiyadan gələn görkəmli albanşünas mütəxəssislər, tarixçilər, ziyalılar, Qəbələdə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı II Beynəlxalq Multikulturalizm Yay Məktəbinin 16 ölkədən olan 75 iştirakçısı, o cümlədən 20 iyul - Beynəlxalq Udi günü münasibətilə dünyanın müxtəlif ölkələrindən özlərinin tarixi vətənləri olan Azərbaycana toplaşan udilər iştirak ediblər.
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Suriya avtokefal kilsəsi Deir-al-Zafaran monastrının mitropoliti Salib Özmen, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxış edib.
Natiqlər Azərbaycanda “Multikulturalizm ili”ndə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə danışıblar. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlığın yüksək səviyyədə təmin olunduğu bildirilib, Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də islam və digər dinlərə etiqad edənlərə yaradılan şəraitdən danışılıb.
Müxtəlif mövzularda məruzələr dinlənildikdən sonra konfrans öz işini plenar iclaslarla davam etdirib, müzakirələr aparılıb. Məlumat verilib ki, bu gün udinlərin kompakt şəkildə yaşadığı yeganə məkan, onların tarixi Vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir. Burada udinlərin tarixi qorunub saxlanılır və araşdırılır. Onların dil, din, özünə məxsus mədəniyyət, adət-ənənələri inkişaf etdirilir, udin xalqının qədim məbəd və kilsələri, tarixi abidələri bərpa olunur və qorunur.