Dilənçilərə pul verirsinizmi? - SORĞU

Bəzən onları küçələrdə görürük, bəzən də qapımıza qədər gəlir, əllərini açıb yardım istəyirlər. Bizsə ya onlara inandığımız, ya da yazığımız gəldiyi üçün pul veririk. Halbuki Peyğəmbərimiz (s) buyurub ki, dilənmək insanların ən pis işlərindən biridir. Hüquq-mühafizə orqanlarının mütəmadi olaraq keçirdiyi reydlər zamanı isə dilənçilərin çoxunun dilənməyə ehtiyacının olmadığı üzə çıxır.

 

Görəsən, Bakı sakinləri necə, dilənçilərə pul verirmi? APA TV paytaxtda bu mövzuda sorğu keçirib.

 

- Elə vaxt olur ki, içimdən gəlir verirəm, elə də olur vermirəm.

 

-  Niyə vermirəm ki? Xeyriyyəçilik hər kəsin borcudur. Hər dilənçiyə də pul vermək olmur. Baxırsan yaşlılara, qadınlara, onların ağ saçlarına görə verirsən. Bir də insan bəzən körpə uşaqlı qadınlardan  keçə bilmir. Mən əsasən yaşlı qadınlara və kişilərə pul verirəm.

 

- Verirəm. Baxır da, şikəstlərə verirəm. Ancaq belə dilənənlərə, məncə, heç düşmür.

 

- Dilənçilərə heç vaxt pul vermirəm. Pul verməyim yadıma gəlmir. Hətta sonuncu dəfə, bilmirəm düzgün edirəm ya yox, Fitr Bayramında qapımızı gəlib səhər-səhər döymüşdülər. Hətta onda da vermədim. Sadəcə, onların fiziki durumlarını nəzərə alıram. Fikirləşirəm ki, onları bunu ehtiyacdan eləmirlər daha çox. Artıq onların yaşayış tərzi budur. Ancaq ehtiyacı olduqları üçün bunu etmiş olduqlarını bilsəm, yəqin ki, kömək edərdim.

 

- Vermirəm, çünki bilirəm ki, dilənçilərin çoxu kiməsə işləyir. Kimsə onları işlədir. Məcburi diləndirirlər. Bir də əsas məqsəd odur ki, əlilliyi olan şəxslər diləndirilməsin. Mən buna qarşıyam.

 

- Yox. Biz onlara pul verdikcə onlar üçün şərait daha da rahatlaşır. Bundan istifadə edərək dilənməyə davam edirlər. Amma cəmiyyət buna qarşı olsa və onlar bunu görsələr, ən azından başqa cür olacaq, əziyyət çəkməyə çalışacaqlar.

 

- Yox, onlar elə belə gəzirlər də inanmıram onlara.

 

- Yox, heç vaxt vermirəm. Əgər qaraçıdırlarsa, heç vaxt. Ancaq görsəm ki, həqiqətən ehtiyacı var, onda verirəm.

 

- Yox, vermirəm. Əli var, ayağı var, işləsin qazansın.

 

- Bəli, çünki Allahın adını çəkir. Əsasən cavan adam olanda vermirəm. Şikəst olanda verirəm. Çünki o, çörək qazana bilməz. Eləsinə vermək düşür. Ancaq qaldı ki, əli-ayağı sağ, ya da qaraçılara düşmür.

 

- Xeyr, vermirəm. Adətən dilənənləri görürəm, çox normal, əli-ayağı sağlam normal insanlardır. Onlara da məsləhət görürəm ki, dilənməkdənsə, getsinlər hər hansı bir işlə məşğul olsunlar. Əgər əli-ayağı sağdırsa, işləyib özünü dolandıra bilərsə, dilənmək nəyə lazımdır. Münasibətim çox mənfidir. Elələri olur, uşaqları da götürürlər özləri ilə. İnanmıram ki, öz uşaqları ola.

 

- Hərdən-birdən yazığım gəlir, insan kimi verirəm.

 

- Bəzən olur. Həqiqətən də ehtiyacı varsa, hə. Ancaq görürsən ki, cavandır, gedib işləyə bilər. Ancaq bəziləri də var, yaşlıdır, ehtiyacları var, onlara verirəm.

 

- Yaşlılara verirəm, ancaq cavanlara yox. Fikirləşirəm ki, yaşlıların işləməyə gücü yoxdur. Ona görə köməklik edirik.

 

- Bəli, verirəm. Yaşlı, hamilə, uşaqlı qadınlar görəndə verirəm.

 

- Yox, vermirəm. İstəmirəm vermək.

Müəllif | Apa.Tv
Apa.tv