Moskvada 50 AZƏRBAYCANLI polis idarəsinə aparılıb
Rusiya paytaxtının Qərb dairəsində 50 nəfərə yaxın Azərbaycan vətəndaşı saxlanılıb. Xüsusi təyinatlı polis dəstələri (OMON) tərəfindən saxlanılan həmyerlilərimiz paytaxtın Oçakovo-Matveyevski rayonunun Polis İdarəsinə aparılıb.
APA TV-nin Moskva müxbirinin əldə etdiyi məlumata görə, saxlanılan həmyerlilərimiz avtoservisdə çalışanlar olub. Bu gün axşam saatlarına yaxın OMON dəstələri avtoservisə gedərək bütün miqrantları avtobuslara yığıb polis idarəsinə aparıb. Hazırda polis bölməsində saxlanılan azərbaycanlıların müxtəlif cinayətlərdə iştirak edib-etməmələri və qeydiyyat sənədlərinin yerində olub-olmadığı yoxlanılır.
Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi Eldar Səmədov APA TV-nin Moskva müxbirinə Rusiya hüquq-mühafizə orqanlarının son günlər miqrantlara qarşı keçirdyi reydlərin ölkə qanunvericiliyinə uyğun olduğunu söyləyib: “Polisin işi reyd keçirməkdir. Bütün miqrantlar yoxlanılır. Sənədi yerində olmayanlar barəsində tədbir görülür. Sənədləri qaydasında olanlar isə azad olunur”.
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraşı direktoru İlqar Hacıyev isə bildirib ki, konqres paytaxtın Qərb dairəsində saxlanılan 50 nəfərə yaxın Azərbaycan vətəndaşı ilə maraqlanıb: “Onlar Oçakovo-Matveyevski rayon Polis İdarəsinə aparılıb”.