Türkiyədə fövqəladə vəziyyət elan edildi - 3 AY
Türkiyədə hərbi çevriliş cəhdindən sonra Milli Təhlükəsizlik Şurasının toplantısı keçirilib. APA TV-nin məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantı 4 saat 40 dəqiqə davam edib.
İclasda dövlət çevrilişinə cəhd zamanı nələrin edildiyi və bundan sonra hansı addınların atılacağı müzakirə edilib.
Milli Təhlükəsizlik Şurasının toplantısından dərhal sonra Nazirlər Şurasının iclası başlayıb. Bu iclasa da Rəcəb Tayyib Ərdoğan sədrlik edib. Məlum olub ki, Milli Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət elan edilməsi təklifi ilə Nazirlər Şurasına müraciət edib və təklif qəbul edilib. Beləliklə, Türkiyədə 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, fövqəladə vəziyyət xalqı hücumlardan qorumaq üçün elan edilib və Avropa dövlətlərinin bu qərarı tənqid etmək haqqı yoxdur: “Bu millətin özü öz taleyini müəyyənləşdirməyə qadirdir”.