Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısı qapılarını mediaya açdı - REPORTAJ
Bura “Gazelli Group” kosmetika şirkətinin fabrikidir. 22 iyul - Milli Mətbuat günü münasibətilə jurnalistlərin fabrikə media-turu təşkil olunub.
Şirkətin mətbuat xidmətinin rəhbəri Yelena Sidorenko ilk olaraq “Gazelli Group” barədə məlumat verib. Onun sözlərinə görə, 1999-cu ildə yaradılan şirkət Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısıdır.
Bu fabrikdə istehsal olunan məhsullar üçün təbiətin bəxş etdiyi nemətlərdən istifadə olunur. Məhz bu səbəbdən şirkət bu gün bütün məhsullarının təbiiliyi ilə bağlı zəmanət verir. Məhsullar hazırlanarkən meyvə-tərəvəzlərdən ekstraktlar çəkilir. Bu zaman nar, heyva, tərxun, reyhan, xurma, əncir kimi meyvə və tərəvəzlərdən istifadə edilir. Bununla yanaşı, məhsulların tərkibində xına, kürü, hətta Naftalan yağları və vulkan palçığı da var. Ümumilikdə 100-dən çox inqrediyentdən söhbət gedir.
Yelena Sidorenko əlavə edib ki, “Gazelli Group” dünya standartlarına uyğun GMP sertifikatı alan nadir şirkətlərdəndir. Bununla hər bir məhsul Avropa keyfiyyəti sertifikatı alıb, eyni zamanda onlara Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Halallıq sertifikatı da verilib. Şirkət müasir avadanlıqlarla təchiz olunmuş fabrikinə və elmi-tədqiqat laboratoriyasına malikdir. 12 min kv. m sahəyə malik olan fabrik ekoloji təmiz zonada yerləşir.
Mətbuat katibi əlavə edib ki, şirkətin məhsulları digər ölkələrə də ixrac edilir. “Gazelli Group”un məhsulları artıq İngiltərə, Almaniya, Türkiyə, Rusiya və Gürcüstan bazarlarına çıxarılıb, bir neçə Avropa ölkəsi ilə də danışıqlar aparılır.
"Gazelli Group” şirkəti barədə məlumatları əldə etdikdən sonra fabriklə tanışlıq başladı. İlk olaraq fabrikin Elmi-Sınaq Laboratoriyası ilə tanış olduq. Burada hazırlanan məhsullar Azərbaycan təbiətinin nemətləridir. Yeni hazırlanan məhsullar isə ən azı 7 testdən keçirilir.
Laboratoriyanın müdiri Leyla Dadaşovanın sözlərinə görə, bütün xammallar fabrikə daxil olan kimi laboratoriya müayinəsindən keçirilir: "Departamentimizə iki şöbə, bir laboratoriya daxildir. Onlar elmi araşdırma və inkişaf şöbəsi, mikrobioloji şöbə və keyfiyyətə nəzarət laboratoriyasıdır. Laboratoriyaya xammal daxil olanda biz öz istehsalçımızdan təhlükəsizlik sertifikatını tələbə edirik və o sertifikat üzrə analizlər aparırıq. Sertifikatdan keçmiş məhsul qəbul olunur, lazım olmayan məhsul kənarlaşdırılır".
Müsahibimiz deyir ki, şirkət daha çox gigiyenik məhsullar istehsal edir, gələcəkdə isə parfümlər də buraxılacaq: "Kosmetik məhsulun çeşidləri çox böyükdür, diş pastasından tutmuş ətirlərə qədərdir. Hazırda "Gazelli Group" olaraq gigiyenik məhsullar buraxırıq. Kimya dilində onlara ağ kosmetika deyilir, onlar şampunlar və kremlərdirlər. Bu yaxınlarda ətir də buraxacağıq. Kremlərə gəldikdə, hər kremin üzərinə 30-50 yaxın xammal daxil olunur".
Daha sonra fabrikin istehsalat hissəsi ilə tanış olduq. Fabrikin baş texnoloqu Yusif İsmayılov məlumat verib ki, fabrik dünya standartlarına uyğun olaraq şaquli istiqamətdə tikilib. Buna səbəb isə odur ki, yuxarı mərtəbədə istehsal gedir və aşağıya boru vasitəsilə maddələr, hazır kremlər, şampunlar ötürülür, yəni heç bir insan əli toxunmur: "Hazırda biz krem emalı sexindəyik. Hazırda bizdə balzam emal olunur. Bu sexdə kremlər emal olunur".
Biz hazırda birinci mərtəbədəyik. Burada "Gazelli"nin məhsulları qablaşdırılır, etiketlənir və hazır məhsul anbarına təhvil verilir.
Fabriklə tanışlıqdan sonra 22 iyul - Milli Mətbuat günü ilə əlaqədar “Gazelli Group” şirkəti məhsullarından jurnalistlərə hədiyyələr təqdim edib.
Qeyd edək ki, "ətraf mühitə qayğı ilə yanaşmaq" prinsipinə əsaslanaraq, fabrik tikilərkən ərazidəki ağaclar qorunub saxlanılıb. Hazırda bu ağaclar binanın içərisindən keçir.