Moskvada 3 rus qızı canı bahasına xilas edən həmyerlimizlə bağlı yeni FAKTLAR
Rusiyada 25 yaşlı Yeqor Şerbakovun ölümündə təqsirli bilinən soydaşımız Orxan Zeynalovun timsalında bütün azərbaycanlılara qatil kimi baxanlar nədənsə digər bir soydaşımız, 21 yaşlı Salaməddin Nağıyevın göstərdiyi şücaətə göz yumurlar. Öz həyatı bahasına Pexorka çayında batmaqda olan üç qızı ölümdən xilas etmiş azərbaycanlının cəsədi isə yerli hakimiyyət orqanlarının səhlənkarlığı və biganəliyi ucbatından yalnız bir həftə sonra sudan çıxarılıb, həm də ailənin öz imkanları hesabına...
- Tapdıq, kömek elemediler, mən öz pulumla elədim
Nağıyevlər ailəsinin övladlarının ölümündən daha çox onun şücaətindən danışılmaması yandırır. Ailəsindən APA TV-yə dedilər ki, bu gün rus mətbuatının Azərbaycan vətəndaşlarını qəddar və cinayətkar kimi təqdim etmələri təzad yaradır. Orxan Zeynalov bir nəfəri öldürübsə, Salaməddin 3 nəfəri xilas edib...
- O üç rus qızın badına getdi. Amma rus xalqı bir "çox sağ ol" da demədi. İndi deyirlər, azərbaycanlılar pisdir. Men deyərdim, Azərbaycan xalqı kimi mərd xalq yoxdur.
Bu ilin iyul ayında Moskvada işləyən atasının yanına qonaq getmiş Lənkəran rayonunun Viyən kənd sakini, 21 yaşlı Salaməddin Həmdulla oğlu Nağıyev Pexorka çayının sahilində gəzişərkən suda batmaqda olan üç qızın yardım dilədiyini eşidib və dərhal kömək üçün özünü çaya atıb. Salaməddin 3 qızı sahilə çıxara bilsə də, özü çayın sürətli axarından qurtula bilməyib.
Hadisədən dərhal sonra Salaməddinin ailə üzvləri və qohumları yerli polis şöbəsinə müraciət edərək onun cəsədinin axtarışları üçün yardım istəyblər.
Lakin faciənin baş verdiyi məkan Lyuberetsk və Ramenskoe rayonlarının arasında bölündüyündən polis valideynlərin xahişinə məhəl qoymayıb. Bunu ruslar da təsdiqləyir.
- Polisi çağırdıq, gəldilər informasiyanı götürüb, getdiler ertəsi gün fövqəladə hallardan gəlməli idilər, gəlmədilər. Dedilər saat 7-də zəng edəcəyik, xilas edicilər gələcəklər. Amma 7, 8 oldu gəlmədilər.
Salaməddinin ailə üzvləri və qohumları özəl xilasedicilərə pul verərək axtarışlara başlayıblar. Bir həftəlik axtarışlardan sonra Salaməddin Nağıyevin cəsədi çaydan tapılaraq ailəsinə təhvil verilib.