Səyavuş Novruzov: "Referendum bu il keçiriləcək"
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
APA TV-nin məlumatına görə, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycan mətbuatının Dağlıq Qarabağ problemi, cəbhədə daim atəşkəsin pozulması və qaçqın problemlərinə görə digər ölkə mətbuatlarından fərqli olduğunu deyib: "Bu baxımdan Azərbaycan mətbuatı bütün insanların, cəmiyyətin həyatı ilə bağlı olan və maraqlar çərçivəsində olan məsələlərlə daim məşğul olur."
O, Türkiyədə baş verən hadisələrə də toxunaraq mətbuatın, hadisələrin gedişatında nə qədər mühüm rol oynadığını ifadə edib: "Dövlət çevrilişinin qarşısının alınmasında nə qədər xalqın, nə qədər ordunun, silahlı qüvvələrin rolu vardısa, ondan iki qat artıq mətbuatın rolu oldu. Bu praktika ilk olaraq Azərbaycanda tətbiq olunmuşdu. 1994-cü ildə dövlət çevrilişinə cəhd olunanda Azərbaycanın ümummilli lideri ilk olaraq mətbuat vasitəsilə Azərbaycan xalqına müraciət elədi".
S.Novruzov qeyd edib ki, Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı təklif olunan referendumun bu il keçirilməsi nəzərdə tutulub. O deyib ki, prezidentin təklifinə hazırda Konstitusiya Məhkəməsində baxılır və qanunda nəzərdə tutulan dövr ərzində rəy veriləcəyi təqdirdə, referendumun keçirilməsinə hazırlıq başlayacaq.
Sonda YAP adından bir sıra jurnalistlər mükafatlandırılıb. Mükafatlandırılanlar arasında APA-nın müxbiri Mübariz Aslanov da var.