Allahşükür Paşazadə: "Sovet dövründə Zaqatalada bir məscid vardı..."
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Zaqatalada dini icma və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müşavirə keçirib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül qoyub, xatirəsini anıblar.
Şeyxülislam Allahşükür Paşazadə əvvəlcə Zaqatala şəhər Cümə məscidini ziyarət edərək orada namaz qılıb, dualar oxuyub.
Sonra Bakı İslam Universitetinin Zaqatala filialının konfrans zalında bu təhsil ocağının müəllim və tələbələri, habelə rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və dindarların iştirakı ilə müşavirə keçirilib. Müşavirəni Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, təhrikçi dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması istiqamətində həyata keçirilən tədbirlərin Zaqatala sakinləri tərəfindən də razılıqla qarşılandığını bildirib, dindarların və yerli sakinlərin maarifləndirilməsi ilə bağlı belə görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda mövcud dini durum barədə danışıb. Müstəqillik illərində Azərbaycanda dinə və dini icmaların fəaliyyətinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayan şeyxülislam hazırda ölkəmizdə 2 minə yaxın məscidin fəaliyyət göstərdiyini, onlarla məscidin bərpa olunduğunu, yeni ibadətgah yerlərinin yaradıldığını diqqətə çatdırıb: "Gəlişimizin məqsədi Zaqatalada mənəvi həyatın nə cür olmasını, necə keçdiyini yerindən öyrənmək idi. Zaqatalada 45-ə yaxın məscid və mədrəsə var. Sovet dövründə Zaqatalada bir məscid vardı və o, Azərbaycanda ən böyüyü idi. Amma bu gün Allah-təala bizə belə bir nemət qismət edib ki, 45 məscid var. Ona görə də demək istərdim ki, mənəvi həyat inkişaf edir".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan sözün həqiqi mənasında müxtəlif dinlər arasında səmimi münasibətlərin hökm sürdüyü, yüksək tolerantlıq mühitinə malik olan bir ölkəyə çevrilib.
Şeyxülislam Allahşükür Paşazadə müşavirədə Zaqatala rayonuna yeni təyin etdiyi qazini ictimaiyyətə təqdim edib. O, həmçinin qaziliyə 10 min manat maddi yardım göstərib.