Səfir: "Fətullahçıların Türkiyə xaricindəki strukturlarını da məhv edəcəyik"
“Türkiyədəki hər hadisədə olduğu kimi, son hərbi çevriliş cəhdi zamanı da Azərbaycandakı hər bir qardaşımızın bizim hiss etdiyimiz duyğuları yaşadığını bilirəm. Bütün azərbaycanlı qardaşlarımıza 15 iyul gecəsindən bəri göstərdikləri həmrəylik üçün minnətdarlığımı bildirirəm”.
APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun ölkəsində baş verən son hadisələrlə bağlı keçirdiyi mətbuat konfransında səsləndirib.
Türkiyədəki olayların bütün dünyanın diqqətini çəkdiyini söyləyin səfir bəzi yerlərdə dezinformasiya hallarına da rast gəlinməsindən təəssüfləndiyini dilə gətirib: “Türkiyə 80 milyon vətəndaşı, qanuni dövlət qurumları ilə dimdik ayaqdadır. Heç kimin bununla bağlı tərəddüdü olmasın. Türk Silahlı Qüvvələri tərkibindəki FETÖ-çu qrupun təşəbbüsü ilə gerçəkləşən çevriliş cəhdinə vətəndaşlarımızın necə təpki verdiyini gördünüz. Bu olaylardan sonra Türkiyənin zəifləyə biləcəyini düşünən düşmənlərimiz varsa, onları iki dəfə düşünməyə dəvət edirəm”.
İ.A.Coşkun çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələrinin əmr-komandanlıq sistemi daxilində baş vermədiyini vurğulayıb. Onun sözlərinə görə, bu, ordu tərkibindəki kiçik qrupun təşəbbüsü olub və onlar qanuna müvafiq şəkildə cəzalandırılacaqlar. Türkiyənin terrorla mübarizədə böyük təcrübəyə malik olduğunu vurğulayan diplomat həmin terror qruplarından birinin də Fətullahçı Terror Təşkilatı - FETÖ olduğunu bildirib: “15 iyul çevriliş cəhdi bu terror təşkilatının indiyə qədər bildiyimiz terror fəaliyyətlərinin zirvəsini təşkil edir. Hazırda onların təmizlənməsi davam etdirilir. Bu qruplaşmanın təkcə Türkiyə daxilində deyil, həm də ölkə xaricindəki strukturlarına qarşı mübarizəmizi davam etdiririk”.
Diplomat həmçinin ölkəsində fövqəladə vəziyyət elan edilməsi ilə bağlı məsələyə də toxunaraq, bu addımda məqsədin məsum insanların azadlıqlarını məhdudlaşdırmaq, onlara əlavə çətinliklər yaratmaq olmadığını qeyd edib: “Vətəndaşlar və ya Türkiyəyə səyahət planlaşdıran şəxslər bundan narahatlıq keçirilməməlidir. Heç kimin bu məsələdə ən kiçik narahatlığı belə olmamalıdır”.
İsmayıl Alper Coşkun eyni zamanda FETÖ ilə mübarizə məsələsində Azərbaycanın hər zaman Türkiyənin yanında olacağından heç bir şübhə etmədiklərini də ifadə edib: “Hər mübarizəmizdə olduğu kimi, FETÖ ilə mübarizəmizdə də tərəddüdsüz yanımızda duracaq tək dostumuz Azərbaycandır”.
Sonda Səfir İsmayıl Alper Coşkun Qərbə də səslənərək, onu obyektivliyə və baş verənlərə qərəzsiz yanaşmağa çağırıb.