Xaçmazda dəhşət: qayınata gəlini yaba ilə öldürdü - TƏFƏRRÜAT

Xaçmazda dəhşətli qətl hadisəsi törədilib. Xaçmaz Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb.

 

Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

 

Ölən şəxsin keçmiş həyat yoldaşı Elsevər Adıgözəlovun sözlərinə görə, atası axşam vaxtı həyətlərində heyvanları yemləyərkən qapı döyülüb. Qapını açan qayınata keçmiş gəlininin təhqirlərinə məruz qalıb. Bu zaman qayınata əlindəki yaba ilə gəlinini qətlə yetirib.

 

Mərhumun atası Qabil Əbdürrəhmanov isə hadisənin tamamilə başqa səbəbdən baş verdiyini söyləyib: "Dünən onları alimentə görə məhkəməyə çağırıblar. 7-8 min manat pul ödəməli olub qızıma. Orada pulu vermədiklərinə görə söhbət düşüb. Qıza deyib ki, sən gələrsən evə. Qız da gedib bacısıgillə".

 

Öldürülən şəxsin iki qız bir oğul övladı olub. Hadisəni törədən M.Adıgözəlov saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv