Donald Tramp rəsmən ABŞ prezidentliyinə namizəd oldu

Donald Tramp ABŞ prezidentliyinə rəsmən namizəd olub. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bunu milyarder Respublikaçılar partiyasının Klivlenddə keçirilən qurultayında təsdiqləyib.

"Dostlar, qurultay nümayəndələri və əziz həmvətənlər! Mən minnətdarlıqla sizin seçiminiz məmnuniyyətlə qəbul edirəm. Heç kəs ötən il başladığımız bu kampaniyanın sonunda 14 milyon insanımızın səsini qazanacağımızı proqnozlaşdıra bilməzdi. Bu respublikaçıların tarixində ən yüksək nəticədir. Kim deyə bilərdi ki, bizim partiya 8 il əvvəlki prosesdə toplanan səslərdən 60 faiz çox qazanacaq?! Biz birlikdə partiyamızı layiq olduğu Ağ Evin sahibi edəcəyik. Biz dünyanın təhlükəsizliyi və çiçəklənməsi üçün qayıdırıq", - deyə milyarder namizəd bildirib.

Xatırladaq ki, Trampın rəqibi olan Demokratlar partiyasının rəsmi namizədinin adı iyulun 25-də açıqlanacaq. Həmin şəxsin Hillari Klinton olacağı isə bəllidir.
 

Müəllif | Apa.Tv
Apa.tv