"Qarabağ Qafqaz Albaniyası dövründə” əsərinin təqdimatı keçirildi
Prezident Kitabxanasında Bakı Slavyan Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov və Ukrayna Milli Yaddaş İnstitutunun əməkdaşlı Maksim Mayorovun müəllifi olduqları "Erməni iddiaları işığında Qarabağın etnosiyasi və mədəni tarixi" adlı üçcildliyinin l cildi "Qarabağ Qafqaz Albaniyası dövründə” əsərinin təqdimatı olub.
APA TV-nin məlumatına görə, tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxış edərək, kitabın əhatə etdiyi mövzular və müəllifləri haqqında məlumat verib.
Eldar Əmirov isə çıxışında digər həmmüəllif Maksim Mayorovun sözügedən tarixi kitabın ərsəyə gəlməsindəki rolundan bəhs edərək, bu kitabı tariximizlə maraqlanan hər kəs üçün faydalı informasiya mənbəyi adlandırıb.
Mərasimə video-konfrans vasitəsilə qoşulan Maksim Mayorov Azərbaycanın hər zaman xüsusilə də Krım məsələsində Ukraynanın haqq işinə dəstək verdiyini xatırladaraq, Dağlıq Qarabağ probleminin həlli məsələsində də Ukraynanın ölkəmizi dəstəklədiyini söyləyib. O, Qarabağın Azərbaycandan qanuni üsulla deyil, separatçılıq yolu ilə qoparıldığına, hazırda ölkəsinin də separatçılıqdan əziyyət çəkdiyinə və daxildəki bu meyllərin hələ də hiss olunduğuna diqqəti yönəldib. M.Mayorov hazırda Qarabağdakı separatçıların ərazidə azərbaycanlılara aid tarixi izlərin silinməsi ilə məşğul olduğunu bildirib və bu kimi amillərin bu cür kitabların yazılmasını zəruri etdiyini deyib.
Millət vəkili Musa Qasımlı isə kitabı elmi məruzə şəklində təhlil edərək, onu qiymətli faktlara söykənən nadir əsərlərdən biri adlandırıb.
Tədbirdə eyni zamanda dörd fəsildən ibarət olan kitabın hər bölümünün tariximizin müxtəlif dövrlərini uğurla əhatə etdiyi ifadə olunub.
Mərasimin davamında kitabın elmi müzakirəsi də təşkil olunub.