Səlim Müslümov Lerikdə vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Lerikdə bu rayonun və Lənkəran, Astara, Yardımlı, Masallı rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, imtiyazlı şəxslərin nazirlik tərəfindən mənzillə təmin olunması, məşğulluğun təminatına və müalicəyə köməklik göstərilməsi, əmək pensiyası hüququnun müəyyən olunması, əmək hüquqlarının müdafiəsi, reabilitasiya vasitəsi ilə təmin edilmə və s. məsələlərlə bağlı müraciətlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.
S.Müslümov Azərbaycan prezidenti İlham Əliyevin 20 iyun 2014-cü il tarixli sərəncamının icrası olaraq, ölkənin bütün bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işlərinin normal qaydada davam etdirildiyini, keçən il və cari ilin ötən dövründə bu təbəqələrə aid 500-dək şəxsə yeni mənzil təqdim edildiyini nəzərə çatdırıb: “Hazırda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı rayonlarında da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 30 fərdi yaşayış evi tikilir və ilin sonunadək bu rayonlarda daha 13 evin inşasına başlanacaq”.
Qəbul zamanı müraciətlərinə uyğun olaraq ayrı-ayrı vətəndaşların məşğulluğunun təmin edilməsi üçün yerindəcə tədbirlər görülüb, onlara təklif edilmiş boş (vakant) iş yerləri sırasından seçdikləri iş yerlərinə göndərişlər verilib. S.Müslümov nazirlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin hazırda sakinlərini qəbul etdiyi rayonları da əhatə etdiyini diqqətə çatdırıb: “Belə ki, cari ilin ilk yarımilində məşğulluq orqanları tərəfindən bu rayonlar üzrə 2810 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib, habelə ayrı-ayrı şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunublar”.
S.Müslümovun tapşırığına uyğun olaraq ayrı-ayrı şəxslər müraciətlərinə əsasən nazirliyin müvafiq müəssisələrində bərpa müalicəsinə qəbul edilmələri üçün qeydiyyata alınıblar. Qəbul zamanı Lerik rayonundan iki nəfər vətəndaşın müraciətlərində əksini tapan məsələ yerindəcə həll olunaraq, onların sağlamlıq imkanları məhdud 18 yaşadək övladlarına əlil arabası verilib. Həmçinin bir nəfər şəxsin əmək hüquqlarının müdafiəsi üçün müvafiq araşdırma aparılması tapşırılıb. Bir sıra vətəndaşların müraciətləri sorğu xarakteri daşıdığından onlara aidiyyəti üzrə hüquqi izahatlar verilib.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.