Gəncəli jurnalistlər Əsgər ağa Goraninin məzarını ziyarət etdilər
22 iyul - Milli Mətbuat günündə Gəncədə çalışan jurnalistlər artıq ənənə halını alan təşəbbüslərinə sadiq qalaraq, ilk milli mətbu orqanımız “Əkinçi” qəzetinin fəal yazarlarından biri olan Əsgər ağa Goraninin məzarını ziyarət ediblər.
APA TV-nin qərb bürosunun məlumatına görə, ziyarət zamanı qeyd olunub ki, dövrünün ən işıqlı simalarından olmuş Əsgər ağa Gorani tariximizə maarifçi, xeyriyyəçi, publisist, tərcüməçi, hətta bir teatr xadimi kimi daxil olub. O, yüksək savada malik olduğuna görə ədliyyə sistemində də çalışıb, ömrünün son 5 ilini isə Gəncə şəhər Bələdiyyə İdarəsinin sədri olub. XX əsrin əvvəllərində Gəncə və Gəncəbasar bölgəsindəki inkişaf məhz onun fəaliyyəti ilə bağlı olub.
Qeyd edək ki, “Əkinçi” qəzetinin 17 nömrəsində Əsgər ağa Goraninin 39 məqaləsi dərc olunub. 1857-ci ildə Gəncə bölgəsinin Goran kəndində doğulan Əsgər ağa 1910-cu ildə Gəncədə yerləşən “Səbiskar” qəbiristanlığında dəfn olunub. Onun qəbri regionda fəaliyyət göstərən jurnalistlərin ziyarətgahına çevrilib.
Bu gün həmçinin Gəncə şəhər İcra Hakimiyyətində də 22 iyul - Milli Mətbuat günü münasibətilə tədbir keçirilib. Tədbirdə medianın cəmiyyətdəki rolundan danışılıb və bölgədə çalışan jurnalistlərin əməyi yüksək qiymətləndirilib, fəaliyyətində fərqlənən media işçiləri təltif olunublar.