Həyətini narkotik plantasiyasına çevirən Şəmkir sakini tutuldu

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı növbəti əməliyyatını keçirib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, polis bu dəfə həyətyanı sahəsini narkoplantasiyaya çevirən şəxsi müəyyən edib.

 

Daxil olan əməliyyat məlumatı əsasında Təzəkənd sakini 46 yaşlı Vasib İsgəndərovun  mənzilinə baxış keçirilib. Asayiş keşikçiləri oradan aqrotexniki qaydada qulluq göstərilərək becərilən külli miqdarda çətənə kolları aşkarlayıb. Bundan başqa, İsgəndərovun mənzilindən istifadə üçün hazır olan qurudulmuş marixuanada tapılıb.

 

Vasib İsgəndərov evinin həyətyanı sahəsində xüsusi ustalıqla yer hazırlayıb. Həmin ərazidə 24 ədəd çətənə kolunu aqrotexniki qaydada qulluq göstərərək becərib. Bundan başqa, onun mənzilindən 122,18 qram qurudulmuş marixuana da aşkarlanaraq götürülüb.
 

Saxlanılan Vasib İsgəndərov narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün becərdiyini deyib. Buna qədər o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Rusiyada 9 il məhkumluq həyatı yaşayıb: "Mən onun istifadə edəniyəm. Onları da özüm üçün əkmişdim. Satmaq fikrim olmayıb. Başımda müəyyən ağrılar olur, ona görə qəbul edirəm".

 

Vasib İsgəndərov barəsində həbs-qətimkan tədbiri seçilib. Araşdırma davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv