Ləğv olunan bankların əmlakı satışa çıxarılır

Sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan kredit götürəcək.

 

APA TV-nin xəbərinə görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, bağlanan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 mln. 956 min manat təşkil edir: "Bizim hazırda 26 milyon manata yaxın vəsaitimiz var. Bizə bağlanan banklarda əmanətçilərə kompensasiya vermək üçün 100 milyon manata ehtiyacımız var. Biz bununla bağlı Mərkəzi Banka müraciət edəcəyik".

 

A.Cavadov əlavə edib ki, banklarda əmanətlərin təqribən 80%-i xarici valyutada, 20%-i milli valyutadadır. Onun sözlərinə görə, kompensasiyaların verilməsi üçün hələ ki agent bank seçilməyib: "Bu, məhkəmənin sığorta hadisəsinin baş verməsi ilə bağlı qərarından sonra bəlli olacaq".

 

A.Cavadov onu da deyib ki, Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu bankların əmlaklarının satışına başlanacaq. Bununla bağlı emlak.adif.az saytı yaradılacaq: "Bilirsiniz ki, bankların mülkiyyətində müxtəlif əmlaklar, kompüterlər və digər avadanlıqlar var. Dəyəri böyük olan əmlakların sayı azdır və bu əmlaklar qiyməti beynəlxalq qiymətləndirici şirkətlər tərəfindən müəyyən ediləcək. Bundan sonra dəyəri yüksək olan əmlaklar hərraclar vasitəsilə satılacaq".


Bundan başqa, müflis elan edilmiş bankların əmlaklarının icarəsi də mümkün olacaq.

Müəllif | Apa.Tv
Apa.tv